Millimizin voleybolçusu: Avropa çempionatında bütün gücümüzü ortaya qoyduq
Özümü yaxşı hiss edirəm. Klub məşqçilərim dincəlmək üçün mənə kifayət qədər vaxt vermişdilər. Artıq komandaya qoşulmuşam və hazırlıqlara başlamışıq. Qarşıda bizi yoldaşlıq oyunları gözləyir.

Bu sözləri açıqlamasında Azərbaycan millisinin və Rumıniyanın “CSM Luqoj” komandasının voleybolçusu Yelizaveta Səmədova deyib.

28 yaşlı oyunçu klubdakı şəraitdən və rəhbərliyin münasibətindən razı olduğunu bildirib: “Hazırda Rumıniya və Azərbaycan voleybolu arasında ciddi fərq var. Bu idman növü Rumıniyada daha çox inkişaf edib. Güclü çempionatları var və mən bu liqanı çox bəyənirəm”.

Yığmamızın Avropa çempionatındakı çıxışını da dəyərləndirən voleybolçu qrupdan çıxa bilmədikləri üçün məyus olduğunu söyləyib: “Məqsədimiz qrup mərhələsini adlamaq idi. Amma təəssüf ki, istədiyiniz həmişə alınmır. Turnir ərzində əlimizdən gələni etdik, meydanda bütün gücümüzü ortaya qoyduq. Açığı, qrupda qalmağımızın səbəbini mən də bilmirəm. Bunu izah etməkdə çətinlik çəkirəm”.

O, qitə çempionatında qeyri-sabit oyun nümayiş etdirdiklərini vurğulayıb: “Sanki dalğalar üzərində bir qayıqda idik. Turnirə əla başladıq. Sonra zəif oynadıq və hər şey sonadək belə davam etdi. Ən az səhv etməli olduğumuz oyunlarda daha çox yanlışlığa yol verdik. Bəlkə də komandamızda çatışmazlıq var idi. Yaxud da sadəcə, bəxtimiz gətirmədi. Yəni, səbəblər çox ola bilər. Amma bizə konkret olaraq nəyin mane olduğunu deyə bilmərəm. Bəzi voleybolçularımız zədəli idi. Bəlkə də bu amil ən yaxşı formaya düşməyimizə imkan vermədi”.

Xəbər 144 dəfə oxundu.