Baş məşqçisiz ilk qələbə
Topaz Premyer Liqasının XII turunda “Rəvan”ı qəbul edən “Xəzər Lənkəran” tarixində 5-ci dəfə meydana baş məşqçisiz çıxıb. Fanat.az xəbər verir ki, bu qarşılaşmada baş məşqçi funksiyasını Emin Quliyev yerinə yetirib. Ona qədər komanda 2 dəfə baş məşqçi istefasından sonra onun köməkçilərindən birinə tapşırılmışdı.
“Xəzər Lənkəran” 2005/06 mövsümündə I dövrənin son 3 oyununda Şenol Fidanın, 2008/09 mövsümündə qış fasiləsi öncəsi Hafiz Əliyevin rəhbərliyi altında meydana çıxmışdı. Lakin nə Nazim Süleymanovun istefasından sonra onu əvəzləyən türkiyəli, nə də Rasim Karadan sonra boş qalan baş məşqçi funksiyasını yerinə yetirən Əliyevlə cənub təmsilçiləri qələbə qazanmamışdı.
“Ağ-yaşıllar” 3 qarşılaşmada cəmi 1 xal qazanmışdı. Evdə “Gənclərbirliyi” ilə qolsuz heç-heçə edən komanda səfərdə “Turan”a, doğma meydanda “Neftçi”yə eyni – 0:1 hesabı ilə yenilmişdi. Hazırda qapıçılarla çalışan Əliyev isə yeganə görüşündə uduzmamışdı. Həmin vaxt “Simurq”la səfərdə 1 xal əldə olunmuşdu – 2:2.
Quliyev isə baş məşqçi vəzifəsini icra edərək qələbə qazanan ilk çalışdırıcı kimi komandanın tarixinə düşdü. Özü də bu qələbə böyük hesablı oldu – 4:0.

Xəbər 904 dəfə oxundu.