Avropa çempionu olan cüdoçumuz: Atama qızıl medal qazanacağıma dair söz vermişdim
Azərbaycan Cüdo Federasiyasına və məşqçilərimə təşəkkür edirəm. Yarış olduqca maraqlı və ağır keçdi. Açığı, belə olacağını bilirdim və buna uyğun hazırlaşırdım.

Bu sözləri açıqlamasında Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Nizami İmranov deyib.

60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı rəqiblərinin kifayət qədər güclü olduğunu bildirib: “Erməni idmançı ilə görüş zamanı özümdə daha çox məsuliyyət hiss edirdim. Sevinirəm ki, ona qalib gəldim. Əsas odur ki, qızıl medal qazandım və Niderlandda Dövlət Himnimizi səsləndirdim”.

O, yarış zamanı özünə inamının tam olduğunu vurğulayıb: “Avropa çempionu olacağımı bilirdim. Rəqiblərdən güclü olduğumun fərqində idim. Atama və millimizin həkimi Ceyhun müəllimə qızıl medal qazanacağıma dair söz vermişdim. Həqiqətən çox sevindirici haldır. Qarşıda dünya çempionatı var. Məqsədim böyüklər arasında Avropa, dünya və Olimpiya çempionu olmaqdır”.

Xəbər 98 dəfə oxundu.