Azərbaycan millisinin sabiq futbolçusu: Yığmamızı güclü rəqiblə çətin oyun gözləyir
Xallar qazanmalı və mövqeyimizi yaxşılaşdırmalıyıq. Yığmamızı güclü rəqiblə çətin oyun gözləyir. Evdə olmasına baxmayaraq, ağır matç olacaq.

Bu sözləri açıqlamasında Azərbaycan millisi və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Bakıda Belçika yığmasına qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, millimizin qrupdakı vəziyyətini çox da yaxşı qiymətləndirmək olmaz: “Belçika yığması dünya reytinqində bizdən öndədir. Bu oyundan bir xalla ayrılmaq kifayət qədər böyük uğur olacaq. Belçika ilə beşinci dəfə qarşılaşacağıq. Sonuncu dəfə 2011-ci ildə rəqibdən 1 xal ala bilmişik. Əhval-ruhiyyə yüksək olsa, yenə eyni nəticəni təkrarlaya bilərik”.

O, oyunla bağlı proqnoz verməyin çətin olduğunu söyləyib: “Çünki reallığa baxanda Belçika bizdən ikiqat daha güclüdür və rahat şəkildə qələbə qazana bilər. Amma evdə azarkeşlərin dəstəyi altında oynamaq millimiz üçün böyük üstünlükdür”.

Ə. İsmayılovun sözlərinə görə, yaxşı nəticə üçün futbolçularda motivasiyanın yüksək olması vacibdir: “Oyunçular meydanda ürəklərini ortaya qoymalıdırlar. Belçikalı futbolçuların hər biri Avropanın yaxşı liqalarında oynayır. Millimizin üzvləri bu oyunda özlərini ən yaxşı şəkildə göstərməlidir. Sürət isə olduqca vacib amildir. Top bizdə olarkən tez düşünüb qərar vermək lazımdır. Həmçinin komandada lider olmalıdır və o, oyunçular arasında birlik yaratmalı, meydandakı vəziyyəti ələ almalıdır. Məşqçinin oyun zamanı görə bilmədiyi nüansları məhz lider həll etməlidir”.

Azərbaycan millisinin sentyabrın 12-də İordaniyaya qarşı keçirəcəyi yoldaşlıq oyununa da toxunan “Araz Naxçıvan”ın məşqçisi əlavə edib: “Rəqiblərimizin heç biri zəif deyil, hamısı inkişaf etmiş güclü komandalardır. İordaniya seçməsi ilə qarşılaşmada yaxşı nəticə əldə edəcəyimizi düşünürəm. Qələbə ehtimalımız yüksəkdir”

Xəbər 69 dəfə oxundu.