“Sabah” klubunun basketbolçusu: Azərbaycanda olmaq mənim üçün yeni təcrübədir
Gün keçdikcə komanda üzvləri olaraq bir-birimizi daha yaxından tanımağa başlayırıq.

Bu sözləri “Sabah” klubunun basketbolçusu Kivon Devenport media üçün açıq məşqdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, məşqlərdə daha səylə çalışdıqlarını bildirib: “Əlimizdən gələni edirik ki, hər şey yaxşı olsun. Mənim əvvəlcədən Azərbaycan basketbolu ilə bağlı heç bir məlumatım yox idi. Burada olmaq yeni təcrübədir”.

FIBA Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri dəyərləndirən Devenportun sözlərinə görə, kiminlə qarşılaşmalarının onun üçün heç bir fərqi yoxdur. “Biz öz oyunumuzu düşünməliyik. Heyətdəki bir çox basketbolçunun ABŞ-dan olması bir-birimizlə rahat şəkildə əlaqə qurmağımıza şərait yaradır”.

Qeyd edək ki, “Sabah” birinci mərhələdə Niderlandın “Donar”, Şimali Makedoniyanın “Rabotniçki” və Rumıniyanın “Rapid” klubları ilə A qrupunda mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qrup qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbər 137 dəfə oxundu.