MDB bədən tərbiyəsi və idman şurasına Azərbaycan nümayəndəsi sədrlik edəcək
Aprelin 14-15-də Bakıda MDB ölkələri bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının bədən tərbiyəsi və idman şurasının növbəti iclası keçirilib.
Ötən ilin mayında Minskdə imzalanmış Saziş keçmiş SSRİ respublikaları arasında idman sahəsində əməkdaşlığın davam etdirilməsi, bu ölkələrdə idmanın inkişafı sahəsində əldə olunan nailiyyətlərin təbliği, qabaqcıl təcrübədən qarşılıqlı şəkildə faydalanmaq, yüksək səviyyəli idmançıların inkişafında bir-birinə dəstək olmaq, idmanın kütləviliyinin artırılması və bu yolla insanların həyat keyfiyyətinin yüksəlməsi, onlara normal həyat tərzinin aşılanması məqsədi güdür.

«Palas» otelin konfrans zalında keçirilən iclasın iştirakçılarını Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov salamlayıb, qonaqlara Azərbaycan idmanının bu günü, onun inkişafı yolunda görülən işlərə dövlət dəstəyi, idmançılarımızın beynəlxalq idman yarışldarındakı uğurları barədə məlumat verib.

İclasın Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldovadan olan idman rəsmiləri qarşısında MDB ölkələri bədən tərbiyəsi və idman şurasının sədri, Belarus Respublikasının idman və turizm naziri Oleq Kaçin çıxış edib. Onu da qeyd edək ki, Belarus Şuranın yaradılmasının təşəbbüskarı və icraçısı olduğundan quruma ilk rəhbərliyi bu ölkənin nümayəndəsi edib. Sonda çıxışçı onu da qeyd edib ki, hazırkı toplantı 2010-cu il mayın 21-də Sankt Peterburqda keçirilən MDB hökumətləri başçıları şurasının MDB-nin 20 illiyinin qeyd olunması barədə qərarına müvafiq olaraq keçirilən tədbirlərdən biridir. Sonra O.Kaçin Şuranın Nizamnaməsinə görə öz fəaliyyətinə xitam verdiyini və səlahiyyətlərini şuranın digər üzvlərinə verməli olduğunu bildirdi. Nizamnaməyə görə Şuraya bir il ərzində başçılıq edəcək növbəti sədr rus əlifbası sırasına uyğun gələn ölkədən seçilməlidir. Buna görə də sədr vəzifəsi Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova həvalə edildi və iclasın davamı onun rəhbərliyi altında keçdi.

Günün ikinci yarısında tədbir iştirakçıları Bakıdakı idman qurğularına baxdılar. Onlar Tennis Akademiyası, Bakı Otüstü Hokkey Kompleksi, «Sərhədçi» idman-olimpiya kompleksi ilə tanış oldular.

Tədbirin ikinci günü iclas başlamazdan əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, şəhidlər xiyabanının ziyarət etdilər. İkinci günün toplantısında MDB-nin yaranmasının 20 illik yubileyi ilə bağlı idman tədbirlərinin planı, 2020-ci ilə qədər MDB dövlətlərinin gənclər sahəsində əməkdaşlıq strategiyası, bu ölkələrin əlillərinin sosial reabilitasiyası ilə bağlı proqram, 2012-ci ilin MDB-də bədən tərbiyəsi və idman ili elan olunması ilə bağlı tədbirlər planı və digər mövzular müzakirə olundu.

Xəbər 4176 dəfə oxundu.