Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Noyabrın 4-də Dənizkənarı Milli Parkda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar federasiyalar tərəfindən quraşdırılmış stendlərə baxmışlar.
Sonra balaca idmançılar nümunəvi çıxışlar ediblər.
Gənclər və idman naziri Azad Rəhimov ötən 20 il ərzində MOK-un böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, olimpiya yığmamızın qazandığı nailiyyətlər göz qabağındadır. Ölkəmizdə idmançılara dövlət tərəfindən həmişə qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanda inkişaf bütün sahələri əhatə edir. Bunlardan biri də Olimpiya hərəkatıdır. Respublikamızda yeni olimpiya kompleksləri istifadəyə verilib, idman infrastrukturu möhkəmləndirilib. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin respublikamızda idmana böyük qayğı ilə yanaşması dayanır.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlarından danışıb və ölkəmizdə Olimpiya hərəkatının günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında idmançılarımız qazandıqları nailiyyət MOK-un 20 illiyinə böyük töhfə olub. Əldə olunmuş uğurlar ölkəmizdə idman siyasətinin düzgün aparıldığından xəbər verir.
Sonra gimnastların nümunəvi çıxışları təqdim olunmuşdur. Həmçinin, peşəkar idmançılar tərəfindən paytaxt sakinləri üçün ustad dərsləri də keçirilmişdir.
Ardınca Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş orta məsafəyə qaçış yarışı keçirilib. Bakı İdman Sarayının qarşısından start götürmüş yürüşdə 200-dən artıq atlet iştirak edib. “Saat qülləsi”nədək davam edən yürüş müxtəlif kateqoriyalar üzrə təşkil olunub.
Veteranlar arasında Sadiq Sadiqov, oğlanların mübarizəsində Vüqar Novruzov, qızların yarışında Şəfa Məmmədova, həvəskarların yürüşündə isə Cavid Abdullayev birinci olublar.
Qaliblərə kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Yubiley tədbirləri konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
Ədalət Şükürov, Röya, “Eurovision - 2011” beynəlxalq mahnı müsabiqəsində Azərbaycana birincilik qazandırmış Eldar Qasımov və Nigar Camalın ifasında mahnıları paytaxt sakinləri böyük maraqla izləyiblər.
Dənizkənarı Milli Parka toplaşanlar Xalq Artisti Zülfiyyə Xanbabayevanın ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.

Sonda qeyd edək ki, tədbirdə çəkilmiş bütün fotoşəkillər gün ərzində saytımızda yerləşdiriləcək.

Xəbər 1710 dəfə oxundu.