Sabah qadın voleybolçular arasında Super Liqanın II turunun oyunları keçiriləcək
Sabah qadın voleybolçular arasında Super Liqanın II turunun oyunları keçiriləcək. “Azərreyl”in istirahət edəcəyi turda “Rabitə” mövsümdə ilk matçına çıxacaq.

Tura “İqtisadçı” – “Lokomotiv Biləcəri” matçı ilə start veriləcək. Görüşü çempionata “Azərreyl”ə qalib gələrək sensasiya ilə başlayan və CEV kubokunda 1/8 finalına yüksələn “tələbələr” üçün asan hesab etmək olar. Çünki asiyalılarla cənubi amerikalıların cəmləşdiyi “İqtisadçı” müdafiədə inamlı, hücumda layiqli oyunu sayəsində hələ çox klublara başağrısı olacaq.

Günün digər görüşündə debütant “Telekom” “Bakı-Azəryol”la qarşılaşacaq. Perspektivli gənclərdən qurulan birincilərin “birləşmiş komanda”ya çətin anlar yaşadacağı inandırıcıdır. Onlar hələ rəqiblərinə qalib gələcəkləri halda bu sensasiya kimi qəbul edilməyəcək. Çünki “Bakı-Azəryol” setlərdə stabil oyun göstərmir. Amma bütün bunlara baxmayaraq, CEV kubokunun iştirakçısı cütün favoritidir.

Turun mərkəzi qarşılaşması “Rabitə” və “Lokomotiv” arasında olacaq. Görüşü 2 italiyalı baş məşqçi – Marçello Abbondanza və Cuzeppe Kuçaraninin dueli kimi də qiymətləndirsək, səhv etmərik. Çünki bu matçda aşkar favorit yoxdur. Həm də “dəmiryolçular”ın yeni baş məşqçisinin gəlməsi onlara əlavə ruh yüksəkliyi verib. Ancaq daha təcrübəlilərin toplaşdığı “Rabitə”nin rəqibinə nisbətən şansı bir qədər çoxdur. Onlar bundan istifadə etməklə “Lokomotiv”in vahid liderə çevrilməsinə imkan verəcəkləri inandırıcı görünmür.


3 noyabr
II tur
15:00. “İQTİSADÇI” – “LOKOMOTİV-BİLƏCƏRİ”
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov
Xətt hakimləri: Cəlil Cəlilov, Ruhid Xəlilov, Yana Kuznetsova, Fuad Hacıyev

17:00. “TELEKOM” – “BAKI-AZƏRYOL”
Hakimlər: Konstantin Selin, Murad Abduləhmanzadə
Xətt hakimləri: Bayram Laçınov, Dilqəm Qəhrəmanov, Fikrət Axundov, Səməndər Eyvazov

19:00. RABİTƏ – LOKOMOTİV
Hakimlər: Eldar Zülfüqarov, Vüqar Cəfərov
Xətt hakimləri: Səbuhi Əliyev, Rüstəm Cəfərov, İftixar Abdullayev, Samir Nəbiyev

Xəbər 1105 dəfə oxundu.