Ataman Güneyligil: Avropa çempionatında ilk hədəfimiz qrupdan çıxmaqdır
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ataman Güneyligil Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi etdiyi Avropa çempionatına hazırlıq və qitə birinciliyində qarşıya qoyulan hədəflər barədə müsahibə verib.

- Milli komanda Avropa çempionatına yaxşı hazırlaşmaq üçün bir neçə mərhələdən ibarət təlim-məşq toplanışı keçdi. Hazırlıq prosesindən razı qaldınızmı? Ümumiyyətlə, toplanışı necə dəyərləndirərdiniz?

- Bosniya və Herseqovina, Azərbaycan və Sloveniyada təlim-məşq toplanışı keçdik, yoxlama oyunları oynadıq. Yaxşı hazırlıq dönəmi keçirdiyimizi düşünürəm.

- Hazırda heyətlə bağlı sizi ən çox narahat edən məqam nədir? Başlıca çatışmazlıq nədən ibarətdir?

- Bir neçə zədəli oyunçumuz var. Avropa çempionatının startı ərəfəsində onların da durumuna baxacağıq və buna uyğun olaraq vəziyyəti müəyyən edəcəyik. Bir çox ölkədə çalışmışıq, Azərbaycanda şərtlər çox yaxşıdır. Başqa hər hansı çatışmazlıq yoxdur.

- Avropa çempionatına hansı hədəflə yollanmısınız: çempionluq, yoxsa "əsas iştirakdır" məntiqi ilə?

- Çempionluq çox böyük hədəfdir. İlk olaraq hər oyunu bir-bir düşünüb qrupdan çıxmaq, ondan sonra da irəliləmək lazımdır. Avropa voleybolu hazırda dünya voleybolunun mərkəzidir. Çox güclü, gənc və yaxşı komandalar var. Onlarla da oyunlarımız olacaq. Hədəfimiz bacardığımızın ən yaxşısını etməkdir.

- Azərbaycan millisi Avropa çempionatında Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstanla birlikdə C qrupunda mübarizə aparacaq. Ən çox ehtiyat etdiyiniz rəqib hansıdır?

- Qrupumuzda hazırda ən güclü komanda Türkiyədir. Millətlər Liqasının son qalibidir. Gənc və keyfiyyətli oyunçuları var.

- İlk oyun Çexiya yığmasına qarşı olacaq. Yəqin ki, rəqibi analiz etmisiniz, zəif və güclü tərəflərini bilirsiniz. Sizcə, bu rəqibi məğlub etmək olarmı?

- Bəli, analizlərimizi etmişik, oyunçularımıza rəqiblə bağlı məlumat vermişik. Bərabər səviyyəli oyun olacaq, amma qələbə şansımız yüksəkdir.

- Hazırkı komanda ilə qitə çempionatında nəyə ümid etmək olar?

- Hər şey istədiyimiz kimi olsa, bir neçə mərhələ keçə bilərik. İlk olaraq qrupdan çıxmalıyıq. Bir hədəf qoyub ona doğru getmək yox, hər oyunu bir hədəf kimi düşünmək lazımdır.

- Son Avropa çempionatında millimiz qrupda qalaraq sonuncu olmuşdu. Həmin vaxt əksər aparıcı oyunçularımız heyətdi yox idi. Bu dəfə isə Polina Rəhimova da daxil olmaqla ən güclü heyətlə yarışa yollanırıq. Bu amil yığmanın uğurlu çıxışına nə dərəcədə təsir göstərə bilər?

- Polina Rəhimova çox qiymətli və mühüm oyunçudur. Amma voleybol bir nəfərin gəlməsi ilə üstün nəticələr qazanıla idman növü deyil. Oyunçularımızdan bir nəfəri digər komandanın üzvündən zəifdirsə, bu, dərhal özünü göstərir. Voleybol belə bir idman növüdür. Polinanın gəlməsi bizim üçün çox əhəmiyyətlidir. Onun da kiçik zədəsi var idi. İyunun əvvəlində dizindən cərrahiyyə əməliyyatı keçirib, hazırda bərpa prosesi bitib, fiziki cəhətdən də vəziyyəti yaxşıdır. Düşünürəm ki, Avropa çempionatının startına kimi tam formada olsa, bizə böyük töhfə verəcək.

- Artıq 3 aydır Azərbaycan millisinin sükanı arxasındasınız. Ölkə voleybolunun hazırkı durumu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- 10 il əvvəl Azərbaycan həm klub, həm də milli səviyyəsində Avropa voleybolunda sayılı ölkələrdən biri idi. Çox önəmli oyunçuları vardı. Yenidən həmin səviyyəyə çatmaq lazımdır. Bunun üçün işlər görüldüyünü bilirəm. Əlbəttə, aşağı yaş qrupları üzrə komandalar qurulmalı və mütəmadi işlər davam etdirilməlidir. 11, 12, 13 yaşlı uşaqlar təkcə bir il deyil, daimi olaraq bölgələrdən seçilməlidir. Onlarla sistemli şəkildə çalışmaq lazımdır ki, qarşıdakı illərdə milli komandalar üçün lazımlı oyunçular olsun.

Xəbər 114 dəfə oxundu.