Gəncənin qızlardan ibarət voleybol komandası bu il ilk dəfə Yüksək liqada oynayacaq
İyulun 31-də Bakıda Azərbaycanda ilk dəfə Yüksək liqada oynayacaq Gəncənin qızlardan ibarət voleybol komandasının yaradılmasına dair müqavilə imzalanıb.

Müqaviləni belaruslu məşqçi Serqey Cesnovicki və yeni yaradılan komandanın icraçı direktoru Elvar Osmanov imzalayıblar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov yaradılacaq yeni voleybol komandasının gələcəkdə çox böyük uğurlara imza atacacağına ümid etdiyini bildirib. “Gəncə Azərbaycanın hər bir sahədə uğur qazanmasında önəmli yerlərdən birini tutur. Gəncədə regionun ən böyük idman kompleksi üzrə işlər yekunlaşmaq üzrədir və tezliklə açılışı olacaq. Gələcəkdə Gəncənin yeni voleybol komandasının burada ev oyunlarının keçiriləcəyi planlaşdırılır. Komanda Bakıda formalaşdırılsa da Gəncədə kompleksin ilin sonunadək istifadəyə verildikdən sonra məşqlər də burada keçiriləcək. Gəncədə, həmçinin böyük azarkeş ruhu var. Dahi Nizami yurdunda hər kəs idmanı və idmançıları dəstəkləyir. Əminəm ki, tezliklə gəncəlilər voleybolu da futbol, basketbol qədər yüksək səviyyədə dəstəkləyəcək", - deyə M.Cəfərov vurğulayıb.

Belaruslu məşqçi S.Cesnovicki Azərbaycanda fəaliyyətə başlamağını yüksək dəyərləndirib və bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir.

“Əminəm ki, biz tezliklə yeni komanda formalaşdırıb, intensiv məşqlərə start verəcəyik. Hazırda komandaya iki oyunçu cəlb olunub. Digər oyunçuların Belarus və rusiyalı oyunçularından cəlb olunacağını düşünürəm. Burada önəmli olan davamlılıqdır. Düzgün məşqlər və böyük səylər nəticəsində istənilən hədəfə çatmaq olar. Bu komandanın uğurlarına inanıram”, - deyə məşqçi qeyd edib.

E.Osmanov əlavə edib ki, Gəncə tarixən Azərbaycanın inkişafında çox böyük rol almış şəhərlərdəndir. Şəhərdə nəinki idmanın, bütün digər sahələrin inkişafı üçün bütün şərait yaradılıb. Gəncə nəhəngliyinə görə Bakıdan sonra ikinci olsa da bir sıra uğurlar ilk dəfə həmin şəhərdə əldə edilib. Hazırda yaradılan qızlardan ibarət voleybol komandasının da bütün addımları bir ilk olacaq. Çünki regionda ilk dəfə belə komanda formalaşdırılacaq.

Sonda azərbaycanlı voleybolçularla müqavilə imzalanıb.

Xəbər 93 dəfə oxundu.