Topaz Premyer Liqasında IX turun oyunları qapıçılar üçün uğursuz alınıb
Topaz Premyer Liqasında IX turun oyunları qapıçılar üçün uğursuz alınıb. I dövrənin son turunda 12 klubdan hamısı qol sevinci yaşayıb. Bu isə o deməkdir ki, heç bir qapıçı qapısını toxunulmaz saxlaya bilməyib.

Hər komandanın qol vurub, həm də qol buraxması isə nadir hadisələrdən sayılır. Düzdür, cari mövsümdə artıq 1 dəfə belə hal qeydə alınıb. Lakin həmin vaxt indiki kimi 12 deyil, 10 komanda meydanı qolsuz tərk etməyib. Bu, ilk turda yaşanmışdı. Həmin vaxt “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi təxirə salındığından yalnız 10 komanda turda meydana çıxmışdı. Premyer Liqanın 12 klubunun hamısının fərqlənməsinə isə mövsümdə ilk dəfə məhz XI turda təsadüf olundu.

12 komandanın hər birinin fərqlənməsi isə ümumi məhsuldarlığa da təsir edib. Turun 6 oyununda 19 qol vurulub. Bununla da III və V turlarda qeydə alınan 17 qolluq rekord qırılıb. Bu dəfə 2 qol artıq vurulub.

Lakin qol sayındakı mütləq rekord və ilk dəfə 12 komandanın qol sevinci yaşaması orta məhsuldarlıqda ən yüksək hədd deyil. Belə ki, cəmi 4 matın keçirildiyi IV tur orta hesabla hər oyuna 3,5 qolun vurulması ilə əlamətdar olmuşdu. Mövsümdə 2-ci dəfə 3-dən yüksək olan məhsuldarlıq bu dəfə 3,17-yə bərabər olub.

Xəbər 936 dəfə oxundu.