“Rabitə” növbəti transfer bombasını partladıb
“Rabitə” növbəti transfer bombasını partladıb. Son illərin dəyişməz Azərbaycan çempionu almaniyalı Angelina Qrünun ardınca London Olimpiadasının ən yaxşı liberosu seçilən Brenda Kastillonu heyətinə qatıb.

Dominikan Respublikası yığmasının 20 yaşlı voleybolçusu ilə hələlik mövsümün sonuna kimi razılıq əldə edilib. Son mövsümü Puerto-Rika “Kriollas de Kaquas” klubunda keçirən Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) ən dəyərli oyunçusu (MVP) daha öncə vətənində “San Kristobal” (2007-2010), “Pueblo Nueva” (2009) və “Mirador” (2010) komandalarında çıxış edib.

Klub karyerasında Puerto-Rika çempionu olan (2011) Kastillo 2008-ci ildə Dominikan Respublikasının çempionatında ikinci yeri tutub. Yığmasında 5 nömrəli formanı geyinən “Rabitə”nin yeni transferi əsas komanda ilə NORCECA-nın bütün əyarlı medalına yiyələnib. Panamerika kubokunun 2 qat qalibi olan Brenda Mərkəzi Amerika və Karib Ölkələri Oyunlarının da birincisi titulunu qazanıb. Bununla yanaşı, qitəsində 4 ən güclü yığmaların iştirakı ilə keçirilən “Dördlər Finalı”nda fəxri kürsünün bütün pillələrində qərarlaşan 20 yaşlı ulduz dəfələrlə ən yaxşı libero və toppaylayıcı seçilib.

Qeyd edək ki, bununla da “Rabitə”də voleybolçuların sayı 14-ə çatıb. Kastillodan öncə ötən ilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələmiş, Katarzina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ), Suzana Sebiç (Serbiya), Aurea Kruz (Puerto-Riko), Madeleyne Montano (Kolumbiya), Angelina Qrün (Almaniya), Yekaterina Zakrevskaya (Belarus) və Aleksandra Fomina (Ukrayna) ilə yeni anlaşma imzalamışdı.

Xəbər 993 dəfə oxundu.