Daha iki ölkənin boks federasiyaları IBA-nı tərk edib
Yeni Zelandiya və Argentinanın boks federasiyaları Beynəlxalq Boks Assosiasiyasının (IBA) tərkibindən çıxdıqlarını elan ediblər.

Yeni Zelandiya və Argentina həmin təşkilatla qarşılıqlı fəaliyyətini dayandırdıqlarını rəsmi şəkildə elan edən üçüncü və dördüncü ölkələrdir. Bundan əvvəl ABŞ və İsveçrənin milli federasiyaları IBA-nı tərk etdiklərini bəyan etmişdi.

Ötən ay IBA idarəetmə, maliyyə və etika sahələrində islahatlar keçirmək qabiliyyəti olmadığına görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmaqdan məhrum edilib. Əvvəllər AIBA adlanan bu təşkilat 2019-cu ildə Olimpiya Oyunlarında boks turnirlərinin təşkilində iştirakdan da kənarlaşdırılıb.

Yeni Zelandiyanın Milli Boks Federasiyası onu da bəyan edib ki, o, bu il təsis edilmiş və BOK tərəfindən tanınmağı niyyətləyən “World Boxing” adlı yeni təşkilata qoşulmağa hazırlaşır.

Xəbər 129 dəfə oxundu.