Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda xüsusi təlim-məşq oyunu keçirilib
Bakının ilk dəfə ev sahibliyi etdiyi çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsi zamanı bu sahəyə marağı olan bir qrup autizmli və Daun sindromlu uşaqlar peşəkar futbolçularla xüsusi təlim-məşq oyununda görüşüblər.

“Hər şey mümkündür” adlı sosial layihə çərçivəsində təşkil olunmuş oyunda 20-ə yaxın uşaq iştirak edib.

Tədbirə Xüsusi Olimpiya və Milli Paralimpiya komitələrinin nümayəndələri, Dünya Çimərlik Futbolu Təşkilatı, Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmiləri də qatılıblar. Oyun Bakı Su İdman Sarayı nəzdində fəaliyyət göstərən Avropa Oyunları Parkında baş tutub.

Bir saata yaxın davam edən matçda qonaqlar fiziki məhdudiyyətlərə baxmayaraq müxtəlif Avropa yığmalarının futbolçular ilə yarışıb, idmanın bütün maneələri yıxmağa qadir olduğunu bir daha sübut ediblər. İdmanla məşğul olmaq fiziki qabiliyyətindən asılı olmayaraq fərdlərdə özünə inam yaradır və şəxsi inkişafa töhfə verir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə baş tutan seçmə mərhələ iyulun 9-da yekunlaşacaq. Seçmə mərhələnin ən yaxşı 4 komandası növbəti ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Xəbər 110 dəfə oxundu.