Azərbaycanlı atlet Hüseyn Heydərov Avropa birinciliyində üç qızıl medal qazanıb
Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.

Bu dəfə körpücük üzərinə Hüseyn Heydərov çıxıb. O, yaşı 15-dək olan oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 118 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb. O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Təmsilçimiz 139 kiloqramı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kiloqram (118+139) nəticə göstərən H.Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 154 dəfə oxundu.