Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb
Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Bu dəfə körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 17-dək olan oğlanlar arasında 67 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 114 kiloqram nəticə göstərib və bu hərəkətdə dördüncü yeri tutub.

İdmançımız təkanla qaldırma hərəkətində 136 kiloqramı ram edərək dördüncü olub.

Toplam 250 kiloqram (114+136) nəticə göstərən T.Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.

Xəbər 159 dəfə oxundu.