Yeniyetmə və uşaq badmintonçularımız beynəlxalq turnirində üç medal qazanıblar
Yeniyetmə və uşaq badmintonçularımız Serbiyanın Novi Sad şəhərində keçirilən "Youth International" turnirində bir gümüş və iki bürünc medal qazanıblar.

Həbibə Quliyeva-Emma Karatanova (Ukrayna) tandemi on bir yaşadək qızların qoşa yarışında turnirin finalına kimi irəliləməyi bacarıb.

İlk görüşdə Kipr təmsilçilərinə hər iki setdə qalib gələn Həbibə Quliyeva-Emma Karatanova cütü növbəti mərhələdə üç setin yekununda serb rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə Bolqarıstan badmintonçularına 1:2 hesabı ilə uduzan idmançılarımız gümüş medalla kifayətləniblər.

Digər badmintonçumuz Əli Gözəlov isə on beş yaşadək oğlanların qoşa yarışında bürünc medal qazanmağı bacarıb. Əli israilli Yahav Sade ilə birgə bu kateqoriyada yarımfinala kimi irəliləməyi bacarıb. Xorvat və serb badmintonçularına qalib gələn Əli Gözəlov-Yahav Sade tandemi bu mərhələdə Rumıniya təmsilçilərinə uduzub.

On beş yaşadək badmintonçuların bu kateqoriya üzrə yarışında Aysu Kərimzadə-Yahav Sade cütlüyü yarımfinala gedən yolda bolqar, macar və yunan-fransız cütlərini mübarizədən kənarlaşdıraraq ən güclü 4-lüyə daxil olubş Bu mərhələdə Almaniya təmsilçilərinə yenilən cütlük bürünc mükafata layiq görülüb

Xəbər 160 dəfə oxundu.