“City Challenge” Bakı avtoparadı ilə başlanıb

Oktyabrın 26-28-də Bakıda ilk dəfə olaraq keçiriləcək “GT3 və klassik Formula 1” yarışlarının iştirakçıları “Azadlıq” meydanı ətrafında müvəqqəti hazırlanmış yarış zolağında avtoparad keçirmişlər. Dünyanın ən məşhur avtomobil brendlərindən olan “BMW”, “Lamborgini”, “Mazeratti”, “Ferarri”, “Mercedes”, “Porsche” və s. markalı GT3 avtomobilləri bütün yolları dəf edərək tədbirin rəsmi qonaq qarşılama partnyoru olan “Kempinski Hotel Badamdar”a doğru yol almışlar.

Avtoparaddan sonra “City Challenge” şirkəti rəsmi mətbuat konfransı və təqdimat mərasimi keçirmişdir.

“City Challenge” şirkətinin media əlaqələri şöbəsinin rəhbəri Rene de Boer çıxış edərək bildirmişdir ki, yarışda yerli və beynəlxalq sponsor şirkətlərin sponsorluğu ilə 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edəcəkdir. Məlumat verilmişdir ki, 2,1 kilometrlik yarış zolağı “Azadlıq” meydanı ətrafında olacaqdır.

Çıxış edən şirkətin Baş icraedici direktoru Hartmut Beyer qeyd etmişdir ki, 300 milyon izləyicini əhatə edən, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanacaq “City Challenge” dünya auditoriyasına Azərbaycanı və Bakı şəhərini bir daha tanıtmaq üçün mühüm hadisədir.

“AzTexnika” şirkətinin prezidenti Mənuçöhr Əhədpur çıxış edərək diqqətə çatdırmışdır ki, Azərbaycanda bu avtomobil yarışlarının keçirilməsi həm də turizmin inkişafına təkan verir. Qeyd etmişdir ki, bütün təhlükəsizlik qaydaları beynəlxalq və yerli avtoidman federasiyalarının standartlarına uyğun aparılmışdır. Tədbir paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına 3 gün ərzində sonsuz zövq verəcəkdir.

Tədbirdə yarışların Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “City Challenge” şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunduğu qeyd olunmuşdur.

Bildirilmişdir ki, yarışlarda “Formula 1” üzrə dünya çempionları Jack Villeneuve və Jos Verstappen iştirak edəcəklər. Bundan əlavə, Dənizkənarı Milli Parkda Avropadan gələn müğənnilərin və yerli şou nümayəndələrinin iştirakı ilə böyük konsert proqramı təqdim olunacaqdır. Eyni zamanda, burada uşaqlar üçün də möhtəşəm əyləncəli proqram təşkil olunacaqdır.

Otelin qarşısında nümayiş olunan yarış avtomobillərinin pilotları tamaşaçılarla şəkil çəkdirmiş və onlara avtoqraf vermişlər.

AzərTAc

Xəbər 2601 dəfə oxundu.