Marneulidə idman mərkəzi istifadəyə verilib
Martın 21-də Gürcüstandakı azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “AtaHolding Center and Marneuli Sport Complex Georgia-Azerbaijan” kompleksinin açılışı olub. Kompleks Heydər Əliyev Fondunun təşəbbüsü və “Ataholdinq” ASC-in maliyyə vəsaiti ilə tikilib. Kompleksin açılışında Gürcüstan Prezidenti Mixail Saakaşvili və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Prezident M.Saakaşvili açılışı bildirən rəmzi qırmızı lenti kəsib, daha sonra burada yaradılmış şəraitlə tanış olub. Gürcüstan basketbol komandalarının dostluq görüşünü açan Mixail Saakaşvili idmançılar və tamaşaçılar tərəfindən hərarətlə alqışlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında sıx əlaqələrin qurulmasını, burada yaşayan azərbaycanlıların sosial-iqtisadi həyatının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondunun həyata keçirdiyi təhsil, mədəni və dini irsimizin qorunması istiqamətindəki layihələri özəl sektoru da bu xeyirxah fəaliyyəti davam etdirməyə ruhlandırır.
Qeyd edək ki, kompleksin tikintisinə 2008-ci ildə başlanılmışdı. Beynəlxalq idman yarışları keçirmək imkanlarına malik olan kompleks 3 mərtəbədən ibarətdir. Burada müxtəlif idman yarışları keçirməyə imkan verən idman zalı, trenajor otaqları, qonaq evi, mini-futbol meydançası var.

Xəbər 6013 dəfə oxundu.