Gənclər Qazaxıstana yollandı
Boks üzrə gənclərdən ibarət milli komandamız Qazaxıstana yola düşüb. İdman.com.az saytının xəbərinə görə, yığmamız Kaldı- Kurqan şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Milli komandamızın baş məşqçisi Şamil Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi ilə səfərə 13 boksçumuz yollanıb.

Onlardan ikisi - Rauf Rəhimov və Pərviz Bağırov ötən il gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıblar. Ceyhun İbrahimli, Rahil Məmmədli, Tural Əhmədov, Kamran Məlikov, Nəsrəddin Məmmədov, Saqi Salehli, Orxan Mayıllı, Sadiq Səmədov, Rüstəm Musayev, Fərid İsmayılov və Nəbi Bağırov da heyətə daxil ediliblər. Yarışda ölkəmizi hakim kimi Anar Babanlı təmsil edəcək.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyi noyabrın 25-dən dekabrın 8-ə kimi Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Ancaq Azərbaycan milli komandasının bu yarışda iştirak edib-etməyəcəyi hələ ki bəlli deyil.

Xəbər 1116 dəfə oxundu.