Biri razı, digəri narazı
Topaz Premyer Liqasının IX turunda “Şəfa” stadionunda "Simurq"u qəbul edən "İnter" 1:0 hesablı qələbə qazandı. İdman.com.az saytının xəbərinə görə, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandaların gürcüstanlı baş məşqçiləri oyunla bağlı fikirlərini açqılayıblar.

“Simurq”un çalışdırıcısı George Çıxradze deyib ki, görüşə yaxşı hazırlaşsalar da, sonda xal üzünə həsrət qalıblar: “Yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Xal qazanmaq bizim üçün çox vacib idi. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. Təəssüf ki, məğlub olduq”.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze isə rəqibi tərifləyib: “Rəqibin bir neçə oyununu izləmişdik. “Simurq” funksional və komanda oyunu nümayiş etdirir. İkinci hissədə meydançanın mərkəzinə sahib ola bilirdilər. Rəqibin müdafiə xətti çox yaxşı oynadı. Vacib üç xal qazandıq. Gələcəkdə də qələbələr qazanmağa çalışacağıq”.

Xatırladaq ki, bu oyundan sonra “Simurq” azarkeşləri komandalarının “İnter”ə qəsdən uduzduğunu iddia edərək, Çixradzenin istefasını tələb ediblər.

Xəbər 846 dəfə oxundu.