"Əziz Şuşa” beynəlxalq velosiped yarışının marşrutu açıqlanıb | |
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək. Şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda dünyanın 16-dək ölkəsindən 18-dək komandanın tərkibində 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2, ertəsi gün Qəbələdən Gəncə şəhərinin mərkəzinədək 170, ayın 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkınadək 102,9, iyunun 11-də isə Beyləqandan Şuşayadək 134,9 kilometr məsafədə yarışacaqlar. Qeyd edək ki, nüfuzlu yarışın nəticələrinə əsasən, velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər. |
|
Xəbər 241 dəfə oxundu. |
|
|