"Rabitə"dən ilk
"Rabitə" dünya çempionatında yeni rekord müəyyənləşdirib. İdman.com.az saytının məlumatına görə, mundialın son qalibi 2-ci dəfə finala yüksəlməklə tarixə düşüb.

Belə ki, indiyə kimi baş tutan çempionatlarda hələ heç bir komandaya belə nailiyyət nəsib olmamışdı. "Rabitə" bunu bacarmaqla həm ilkə imza atıb, həm də adını mundial tarixinə qızıl hərflərlə yazdırıb. Artıq çoxlarının "Dream Team" (Arzuların komandası) kimi qəbul etdiyi Bakı təmsilçisi bu uğura Qətərdə keçirilən yarışda nail olub.

Bütün dünyaya gücünü sübut edən Azərbaycan çempionu bununla kifayətlənməyərək, bu gün daha bir rekord müəyyənləşdirməyi hədəfləyib. Bunun üçün hər yarışda azarkeşlərinə sevinc bəxş edən "Rabitə" finalda "Sollis Nestle"yə də ötən il olduğu kimi yerini göstərməlidir. Klubda aparılan düzgün siyasət nəticəsində gələcək vəd edən Çempionlar Liqasının finalçısı qələbə qazanacağı halda yenə heç hansı komandanın bacarmadığını - 2-ci dünya çempionluğunu bayram edəcək.

Qeyd edək ki, "Rabitə" final qarşılaşmasına Bakı vaxtı ilə saat 19:00-da çıxacaq.

Xəbər 1315 dəfə oxundu.