Runini tam soyundurdular
Dünya çempionatı seçmələri çərçivəsində İngiltərə və San Marino yığmalarının qarşılaşması ardında maraqlı bir hadisə baş verib. San marinolu futbolçular 0:5 hesabı ilə məğlub olmalarına baxmayaraq, dünyanın məşhur futbolçuları ilə oynamaları onların birində qəribə bir istək yaradıb. Matçdan sonra san marinolu bir futbolçu Ueyn Runinin yanına gedərək, «Şortunu ala bilərəmmi?" deyib.

Bir qədər öncə köynəyini də rəqib futbolçulardan birinə vermiş Runi bu istəyə də yox deməyib və şortunu çıxarıb san marinolu futbolçuya verib.
Lakin «cırtdan» ölkənin futbolçuları ingilis futbolçunun əynində olan hər şeyi ala bilməyiblər. Runi özü bu barədə matçdan sonra belə deyib: «Matçdan sonra kapitanlıq sarğısını saxladım və həmişə də saxlayacağam. Köynəyimi və şortumu isə san marinolu oyunçulara verdim. Bu bir ilk idi. Bundan əvvəl kimsə məndən şortumu istəməmişdi».

İdman.com.az saytının məlumatına görə, hadisənin görüntüləri isə hələ ortaya çıxmayıb. Bunun səbəbi isə, böyük ehtimalla, Runinin şortunu çıxarmağa başlaması səbəbiylə kameranın istiqamətini başqa bir tərəfə çevirməsi olaraq göstərilir.

Xəbər 870 dəfə oxundu.