“Zirə”nin futbolçusu Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib
Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib. “Zirə”nin 27 yaşlı futbolçusunun yubileyi Azərbaycan Premyer Liqasının XXXIII turuna təsadüf edib. Yarımmüdafiəçi “Şamaxı” ilə səfər görüşünə kapitan kimi start heyətində çıxıb.

Premyer Liqada 2014-2015-cü il mövsümündə debüt edən Q.Alıyev bu müddətdə iki klubun formasını geyinib. O, debüt etdiyi “Qəbələ”də 70, “Zirə”də 80 dəfə çempionat matçına çıxıb. Futbolçunun hesabında 5 qol var. O, “Qəbələ”nin forması ilə 1, “Zirə”nin heyətində 4 dəfə fərqlənib.

Qismət Alıyev Premyer Liqada ilk matçını 2015-ci il mayın 28-də keçirib. Yarımmüdafiəçi “Qəbələ”nin “Bakı” ilə ev oyununda (3:0) şans qazanıb. Onun “Zirə”dəki ilk çempionat qarşılaşması isə 2020-ci il oktyabrın 18-nə təsadüf edib. Futbolçu “Sumqayıt”la səfər matçında (1:2) forma geyinib.

Qeyd edək ki, “Zirə” Şamaxı səfərində 3:0 hesablı qələbə qazanıb.

Xəbər 128 dəfə oxundu.