Azərbaycan idmançıları “Prezident kuboku-2023” beynəlxalq reqatasını 14 medalla başa vurublar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın son günündə Azərbaycan idmançıları 5 medal qazanıblar.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü ikinəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıblar. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü yeri tutublar.

Nəhayət akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2023" beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.

Xəbər 141 dəfə oxundu.