Bu gün Türkiyə milli komandası səfərdə Macarıstanla qarşılaşacaq
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası səfərdə Macarıstanla qarşılaşacaq. Bu matçda türklərin Braziliyaya yollanmaq perspektivi böyük ölçüdə həll olunacaq.

Türkiyə mətbuatının yaydığı xəbərə əsasən, “ay-ulduzlular” bu oyunda qalib gələ bilməsə baş məşqçi Abdulla Avcı istefaya göndəriləcək.

Qrupda keçirdiyi 3 oyunun yalnız birində qalib gələn (Estoniya 3:0), Türkiyə yığması əsas rəqiblərindən olan Hollandiyaya (0:2) səfərdə, Rumıniyaya (0:1) isə evdə məğlub olub. Onlar bir daha xal itkisi ilə üzləşəcəyi halda, dünya çempionatı xülyaları ilə vidalaşa bilərlər. Bu baş verərsə, komandanın baş məşqçisi Abdulla Avcının istefaya göndəriləcəyi gözlənilir.

Türkiyə KİV-i artıq ona əvəzedici də tapıb. Onların fikrincə, yığma Budapeştdən qələbə ilə dönməyəcəyi halda onu baş məşqçi postunda “Orduspor”un çalışdırıcısı nüfuzlu argentinalı mütəxəssis Ektor Kuper əvəz edəcək.

Xəbər 845 dəfə oxundu.