Rumıniya KİV-ləri Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
Rumıniyanın geniş oxucu kütləsinə malik “Hotnews”, “GSP.ro”, “ZiareLive” və digər xəbər portalları Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi barədə məlumatlar yayımlayıblar.

Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Qeyd olunub ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Bundan başqa, diqqətə çatdırılır ki, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Xəbər 117 dəfə oxundu.