Elxan Məmmədov: Azərbaycanla bağlı xoş xatirələr uzun müddət yaddan çıxmayacaq
“Əminliklə demək olar ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 uğurla təşkil olundu. Dünya çempionatının təşkilinə ilk gündən böyük dəstək vermiş Azərbaycan prezidenti İlham Əliyevə AFFA və Yerli Təşkilat Komitəsi adından dərin minnətdarlığımızı bildiririk. Çempionatın yüksək səviyyədə təşkili ilə bağlı dövlət başçısı tərəfindən bir neçə sərəncam imzalandı və həmin sərəncamlardan irəli gələn məsələlərin həlli üçün dövlət strukturları böyük səylə çalışaraq mundialın keçirilməsinə töhfələrini verdilər”. İdman.com.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi, Azərbaycanda 17 yaşadək qızlar arasında yenicə başa çatan dünya çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov “affa.az” saytına deyib.

O, müstəqil Azərbaycan tarixində ən uzunmüddətli beynəlxalq idman tədbirini müvəffəqiyyətlə başa vurmalarını böyük fərəh və qürur hissi ilə bəyan edib: “Sentyabrın 22-də start götürən dünya çempionatı 21 gün davam etdi. Ancaq onu da qeyd edim ki, çempionatın təşkili ilə bağlı artıq sentyabrın 5-dən etibarən FIFA nümayəndələrinin ölkəmizə uzunmüddətli ezamiyyətləri başlamışdı. Turnirdə iştirak etmiş bütün komandalar üçün xüsusi qarşılanma tədbirləri keçirildi və qonaqların hamısı Azərbaycandakı qonaqpərvərlikdən son dərəcə razı qaldılar. Artıq iştirakçı komandaların hamısı doğma ölkələrinə qayıdıblar və inanırıq ki, Azərbaycanla bağlı xoş xatirələri uzun müddət yaddan çıxarmayacaqlar”.

Çempionatın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və FİFA prezidenti Yozef Blatter də iştirak edib. Turnirin gedişi ərzində FİFA-nın vitse-prezidentləri, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri, müxtəlif milli futbol assosiasiyalarının prezidentləri ölkəmizə səfər ediblər və bütün qonaqlar dünya çempionatının təşkilati işləri ilə bağlı müsbət fikirlər səsləndiriblər: “Final qarşılaşmasında və mükafatlandırma mərasimində dövlət başçısı cənab İlham Əliyevin və UEFA-nın prezidenti cənab Mişel Platininin iştirakı hər birimizi son dərəcə sevindirdi. Çempionatın tender sənədləri FİFA-ya təqdim olunduğu zaman AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, Azərbaycanda təşkil olunacaq dünya çempionatı indiyə qədər qadınlar arasında keçirilmiş ən yaxşı dünya çempionatı olacaq. Artıq FİFA Təşkilat Komitəsinin rəhbərliyi bu fikri təsdiqləyib”.

Dünya çempionatı davam etdiyi müddətdə azarkeşlər futbol həyəcanı yaşamaqla bərabər, tanınmış incəsənət xadimlərinin də canlı çıxışlarını izləmək fürsəti əldə ediblər. Açılış oyununda dünya şöhrətli pop ulduz Cennifer Lopez, turnirin Fan Zona-sında təşkil olunmuş ilk konsertdə məşhur müğənni Okeana, final qarşılaşmasından sonra milyonların sevimlisi Şakira canlı performansı ilə azarkeşlərə unudulmaz anlar yaşadıblar: “Əlbəttə, bütün bunlar ümumilikdə böyük futbol bayramının bir hissəsi idi. Azərbaycanda keçirilən dünya çempionatının oyunları 21 gün ərzində dünyanın 165 müxtəlif bölgəsində canlı yayımlandı. Bu, ölkəmizin beynəlxalq aləmdə təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir. Turnirin təşkilində 1000 nəfərə yaxın könüllü iştirak etdi. Çempionatın keçirilməsində yardımını əsirgəməyən könüllülərin hər birinə minnətdarlığımı bildirirəm”.

Baş katib daha bir sevindirici məqam kimi çempionat dövründə təbiətin də bizimlə həmrəy olmasına diqqət çəkib: “Turnir ərzində iqlim şərtləri, hava şəraiti ilə bağlı heç bir çətinliklə, təbiətin şıltaqlığı ilə üzləşmədik. Yarış barədə artıq keçmiş zamanda danışırıq. Lakin geridə qalan bu turnir gələcəyə daha nikbin nəzərlərlə baxmağımız üçün bizə əsas verir. İlk növbədə, böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdik. İnfrastrukturla bağlı irəliyə doğru iri addımlar atıldı. 8 KM stadionu, Bayıl stadionu inşa olundu, "Şəfa" stadionunda əsaslı təmir işləri aparıldı, "Bakı" Futbol Klubunun təlim-məşq bazasında standartlara cavab verən 3 məşq meydançası salındı. Bunlardan öncə isə "Dalğa Arena" tikilərək istifadəyə verilmişdi. Ən əsası isə, beynəlxalq futbol qurumlarına və bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycanın böyük turnirlər keçirmək üçün potensialı var və biz bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq”.

Qeyd edək ki, Bakıdakı dünya çempionatının qalibi Fransa yığması olub.

Xəbər 1027 dəfə oxundu.