Robert Şvartsman Formula E çempionatının test yürüşlərində iştirak edəcək
“DS Penske” komandası Robert Şvartsmanın Formula E çempionatında yeni pilotlar üçün testlərdə çıxış edəcəyini təsdiqləyib.

23 yaşlı rusiyalı yürüşçü Formula E maşınında ilk dəfə özünü sınayacaq.

Testlər aprelin 24-də Berlində, seriya mərhələsinin ənənəvi təşkil olunduğu Tempelxov aerodromunda keçiriləcək.

Robert Şvartsman müsahibəsində deyib: “Mən Formula E maşınının sükanı arxasına oturacağıma çox sevinirəm. Bu imkana görə Cey Penskeyə təşəkkürümü bildirirəm.

Mümkün qədər müxtəlif texnikanı sınaqdan keçirmək həmişə maraqlıdır. Bu il mənim belə bir imkanım var. Mən Formula 1 çempionatında “Ferrari” komandasında üçüncü pilot qismində fəaliyyət göstərirəm və “GT” yürüşlərində debütə hazırlaşıram, indi isə üstəlik Formula E-də iştirak edirəm. Mən, həmçinin “DS Penske” ilə işləməyi böyük maraqla gözləyirəm”.

Qeyd edək ki, Berlində keçirilən testlərdə “NIO 333 Racing” kollektivinin heyətində daha bir rusiyalı pilot – Daniil Kvyat iştirak edir.

Xəbər 100 dəfə oxundu.