Qadın basketbolçular arasında ölkə kuboku yarışlarının finalçıları müəyyənləşib
Azərbaycan Texniki Universitetinin idman zalında qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının sonuncu qrup oyunları keçirilib.

Günün ilk oyununda BBA ilə “AZE U-16” komandaları qarşılaşıblar. Görüşdə BBA komandası 61:37 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlində ilk sıranın sahibi olub və adını finala yazdırmağı bacarıb. Məğlubiyyətə baxmayaraq U-16 yığmamız qrupda ikinci pilləni tutaraq, kubok yarışlarının növbəti finalçısı olub.

Günün ikinci oyununda “Alov” komandası PH basketbolçuları ilə üz-üzə gəlib. “Alov” komandası rəqibini 48:46 hesabı ilə məğlub edərək qrupda üçüncü pillənin sahibi olub.

Qeyd edək ki, kubok yarışlarının final görüşü aprelin 10-da saat 21:30-da “Sərhədçi” İdman Mərkəzində start götürəcək və federasiyanın rəsmi yutub hesabından canlı yayımlanacaq.

Xəbər 159 dəfə oxundu.