Fabio Kapello: Bu qələbəni tezliklə unutmalıyıq
"Portuqaliyaya qarşı çox yaxşı oynadıq və qələbə qazandıq. Artıq bu qələbəni tezliklə unutmalı və qarşıdakı oyuna hazırlaşmalıyıq. Çünki Azərbaycanla oyun bizim üçün daha vacib görüşdür". İdman.com.az saytının məlumatına görə, bu sözü Rusiya millisinin baş məşqçisi Fabio Kapello Portuqaliya ilə görüşdən sonra (1:0) keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis 3 oyundan sonra komandasının qrupdakı vəziyyətini də dəyərləndirib:

"Əlbəttə, istənilən qələbə komandada özünəinamı artırır. Portuqaliya kimi komandaları məğlub etdikdə isə özünəinam yüksək həddə çatır. Qrupdakı vəziyyətə gəldikdə biz keçirdiyimiz 3 oyunun hamısında qələbə qazanmışıq. Ancaq qarşıda hələ 8 oyun var. Portuqaliya ilə oyundakı zəfər sadəcə qələbə, 3 xal idi. Qarşıda bizi uzun marafon gözləyir".

Qeyd edək ki, Rusiya millisi oktyabrın 16-da Moskvanın "Lujniki" stadionunda millimizi qəbul edəcək.

Xəbər 1034 dəfə oxundu.