Qadın voleybolçular arasında ölkə çempionatının finalçıları müəyyənləşib
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın son matçı keçirilib. Voleybol Mərkəzində təşkil olunan bu görüşdə "Abşeron" və "Murov" klubları üz-üzə gəliblər.

Komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya "Abşeron" daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib - 25:16. Bu üstünlüyünü sonadək qoruyan "Abşeron" klubu "Murov"un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 və 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, rəqibi üzərində iki qələbə qazanan "Abşeron" finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda "Azərreyl"ə rəqib olub. "Murov" isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.

Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi vaxt hələ müəyyənləşməyib.

Xəbər 202 dəfə oxundu.