Nicat Şıxəlizadədən qızıl medal
Əbu-Dabidə cüdo üzrə keçirilən qran-pri turnirinin ilk gününün qalibləri müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Rio-2016-ya lisenziya xalı verən ilk yarışa Azərbaycan millisi 5 idmançı ilə yollanıb. 1-ci gündə tatamiyə onlardan 3-ü çıxıb.

Onlardan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə göstərib. Həmyerlimiz keçirdiyi hər 3 döyüşü ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Bradford Bolen (ABŞ), Şaqo Maeno (Yaponiya) və Rəşid Sabirovu (Özbəkistan) məğlub edib.

Təəssüf ki, titullu cüdocumuzdan fərqli, Orxan Səfərovla Əli Rzayev (hər ikisi 60 kq) ilk döyüşündə uduzaraq, mübarizəni vaxtından əvvəl dayandırıblar. Qeyd edək ki, cüdoçularımızdan bu gün Afiq Sultanlı (73 kq) və Tural Safquliyev (81 kq) mübarizəyə qoşulacaq.

Xəbər 2429 dəfə oxundu.