“İdman” qəzetinin 80 illik yubileyinə dəyirmi masa təşkil edildi
Oktyabrın 10-da “Hilton Bakı” mehmanxanasında “İdman ili” çərçivəsində “İdman” qəzetinin 80 illik yubileyi münasibətilə dəyirmi masa təşkil olundu. İdman.com.az saytının məlumatına görə, “Azərbaycan idman jurnalistikasının problemləri” mövzusunda keçirilən tədbirdə əsasən idman jurnalistikasında kadr hazırlığının səviyyəsi, termin problemləri və idman mətbuatında dil üslubu məsələləri müzakirə edildi.

Tədbiri açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə məlumat vermiş və idman jurnalistikasının ölkəmizdə inkişaf etdiyini vurğuladı.
Bildirdi ki, “İdman ili” çərçivəsində ölkəmizdə bir neçə mötəbər idman yarışları təşkil olunub. Yerli jurnalistlərlə yanaşı əcnəbi KİV nümayəndələri də bu yarışları işıqlandırıblar. Yerli media mənsublarının əcnəbi həmkarları ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan nazir müavini Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin ölkəmizdə təşkil etdiyi Gənc reportyorlar proqramı layihəsini yüksək qiymətləndirdi.

“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev idman jurnalistikasının ölkəmizdə həmişə inkişafda olduğunu, qəzetin yubileyi münasibətilə elmi-praktik konfransların və seminarların təşkil olunacağını diqqətə çatdırdı.
Vurğuladı ki, inkişafla yanaşı idman jurnalistikasında müəyyən problemlər də var. Bunlardan ən əsası yerli KİV nümayəndələrinin əcnəbi dil biliklərinin aşağı səviyyədə olmasıdır. Jurnalistikanın ən əsas vasitəsi ünsiyyətdir. Beynəlxalq idman yarışlarında olarkən müxbirin əcnəbi dil bilməsi mütləqdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə yazılı və elektron idman mətbuatı haqda məlumat verdi və idman qəzetləri oxucularının sayının Azərbaycanın bölgələrində artdığını diqqətə çatdırdı.
Tədbirdə qonaq qismində iştirak edən, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının Futbol Komitəsinin rəhbəri Keri Radnadge Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırdı və dövlətin idmana göstərdiyi qayğını yüksək qiymətləndirdi.

Sonra əcnəbi jurnalistlərdən olan layihə iştirakçıları Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı, Azərbaycanı çox müasir və inkişafda olan ölkə kimi qiymətləndirdi, xalqımızın isə çox qonaqpərvər olduğunu söylədi.

Daha sonra Gənclər və İdman Nazirliyinin Elm və təhsil şobəsinin müdiri Vüqar Əhmədov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, veteran idman jurnalistlərindən Oqtay Bayramov, Aydın Əliyev, Yaqub Nuriyev, Əli Fərəcov, ATV telekanalının idman şərhçisi Sənan Şəfizadə, “Sportsmen” jurnalının baş direktoru Saleh Salehzadə və başqaları çıxış edərək idman jurnalistikamızın hazırkı vəziyyəti barədə öz fikirlərini bölüşdülər.

Toplantıda idman jurnalistikasında kadrların hazırlığı məqsədilə vaxtaşırı hazırlıq kurslarının və uzunmüddətli tədris proqramlarının təşkili ilə bağlı təkliflər irəli sürüldü. Tədbirin sonunda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov səslənən təkliflərin reallaşması üçün nazirlik tərəfindən mümkün köməkliyin göstəriləcəyini bildirdi.

Xəbər 1630 dəfə oxundu.