“Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normalarının təsdiq edilməsi haqqında” AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunması ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Vahid təqvim planına uyğun olaraq keçirilən Respublika və Beynəlxalq Kütləvi Bədən Tərbiyəsi və İdman Tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsinə tələb olunan xərclərin hər il dövlət büdcəsində Gənclər və İdman Nazirliyinə “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsi üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında” 1997-ci il 1 iyul tarixli 69 nömrəli qərarı, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında” 1997-ci il 1 iyul tarixli 69 nömrəli və “Gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi normativinin təsdiqi haqqında” 1999-cu il 28 dekabr tarixli 206 nömrəli qərarlarının 1 nömrəli əlavələrinə dəyişikliklər edilməsi haqqında” 2001-ci il 31 may tarixli 107 nömrəli qərarı, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” 2003-cü il 8 aprel tarixli 47 nömrəli qərarının 6-cı bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” 2005-ci il 2 iyun tarixli 96 nömrəli qərarının 2-ci bəndi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə” 2006-cı il 2 may tarixli 119 nömrəli qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

A.Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
№8; 18.01.2007-ci il,

Xəbər 2775 dəfə oxundu.