Bu gün Topaz Premyer Liqasının VIII turunun oyunları davam etdiriləcək
Bu gün Topaz Premyer Liqasının VIII turunun oyunları davam etdiriləcək. İkinci oyun günündə 4 qarşılaşma baş tutacaq.
Mövsümə yaxşı başlamayan “Bakı” və “Qəbələ” paytaxt klubunun təlim-məşq bazasında qarşılaşacaq. Bu oyunda hər iki komandanın qələbə qazanmağa böyük ehtiyacı var. Belə ki, hazırda “Bakı” 6 xalla turnir cədvəlinin 11-ci pilləsini tutur. Ehtiyaitda iki oyunu olan paytaxt klubu 3 xalı aktivinə yazmaqla vəziyyətini düzəltməyə çalışacaq. “Qəbələ”nin baş məşqçi postunda ötən həftə debüt edən Ramiz Məmmədov da ilk qələbəsini qazanmaqla özünü sübut etmək istəyir. Qarşılaşa saat 16.00-da başlayacaq.
Bu oyunla eyni saatda “Kəpəz”lə “Qarabağ” üz-üzə gələcək. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Qarabağ” ötən tur səfərdə “Rəvan”ı yenən Gəncə klubunu udub, AZAL-ı keçmək istəyir. “Kəpəz” isə ötən tur qazandığı qələbənin təsadüf olmadığını göstərməlidi.
Turnir cədvəlinin lideri “Simurq” “Sumqayıt” qəbul edəcək. Son iki oyunda “Neftçi” və “Bakı” kimi iddialı klubları yenən Sumqayıt təmsilçisinin bu dəfə liderə başağrısı olacağı gözləniləndi. Amma çətin ki, Bernhard Raabın yetirmələri çətin Zaqatala səfərindən xalla dönə bilsin. Bu oyun saat 18.00-da start götürəcək.
Günün son oyununda “Rəvan”la “İnter” qarşılaşacaq. Saat 19.00-da başlayacaq paytaxt derbisində Kemal Alispahiç ilk qələbəsini qazanmağa çalışacaq. Amma “İnter” də meydana qələbə üçün çıxacaq və Kaxaber Tsxadadzenin yetirmələri böyük ehtimalla səfərdə istədikləri nəticəni qazanacaqlar.
Qeyd edək ki, turun bir oyunu dünən keçirilib və “Xəzər Lənkəran” səfərdə AZAL-ı 2:0 hesabı ilə yenib. Son oyun isə oktyabrın 8-də “Neftçi” və “Turan” arasında oynanılacaq.
Premyer Liqa
Təsnifat Mərhələsi
VIII tur, 4 oktyabr
Kəpəz – Qarabağ
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə şəhər stadionu. Saat 16.00.
Bakı – Qəbələ
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakı”nin təlim-məşq bazasının stadionu. Saat 16.00.
Simurq – Sumqayıt
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. Saat 18.00.
Rəvan – İnter
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bayıl Arena”. Saat 19.00.

Xəbər 1072 dəfə oxundu.