Anapa şəhərində Avropa birinciliyinə start verilib
Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında (13-14 yaşlılar) Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə milli komandamızın 4 üzvü rinqə çıxıb.

Həmyerlilərimizdən ikisi döyüşü öz xeyirlərinə başa vurublar. 38,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov Avropa birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Litva nümayəndəsi Mantas Morkunası 13:7 hesabı ilə məğlub edib.

Sərxan Əliyev də (46 kq) növbəti mərhələyə vəsiqə qazanıb. Əliyev də Litva təmsilçisi üzərində qələbəyə sevinib. Millimizin üzvü Emil Storpirstisi yarışdan kənarlaşdırıb – 14:8.

İki boksçumuz isə turnirlə erkən vidalaşıb. 43 kq-da yarışan Bəxtiyar Qazıbəyov ingiltərəli Mark Dikinsona 4:6 hesabı ilə uduzub. Dərbənd Əliyevin (54 kq) qarşısını isə irlandiyalı Mettyu Devis kəsib. Həmyerlimiz rəqibinə 6:9 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.

Xəbər 1108 dəfə oxundu.