Sabah 1/4 final mərhələsinə start veriləcək
Sabah 17 yaşadək qızlar arasında dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək. Azərbaycanda keçirilən mundialın bu mərhələsində 2 qarşılaşma keçiriləcək.

Bakıda eyni stadionda baş tutacaq qarşılaşmalarda A və B qrupunun ən yaxşıları üz-üzə gələcək. Məğlubiyyət acısı dadmayan komandaların meydana çıxacağı günün ilk oyununda KXDR və Kanada görüşəcək. Bu il 20 yaşlı qızların da dünya çempionatında üz-üzə gələn rəqiblərin həmin duelində asiyalılar 2:1 hesabı ilə qalib gəlmişdi.

Digər matçda isə Nigeriya və Fransa görüşəcək. 2010-cu ildə 20 yaşadək qızların, 2008-ci ildə qadınların mundialında üz-üzə gələn bu 2 ölkə təmsilçisinin matçlarında avropalılar üstün olub. Onlar əvvəl 1:0, sonra 3:2 hesabına seviniblər. Bu 2 komanda azərbaycandakı mundialda qapıya ən çox zərbə vuranlardır. Nigeriyalılar 3 matçda 92, fransalılar isə 76 dəfə buna nail olub. Müvafiq olaraq 32 və 30 künc zərbəsi vurmaqla da rekordçu bu komandalardır.

17 yaşadək qızlar arasında dünya çempionatı
1/4 final

4 oktyabr
17:00. KXDR – Kanada
Baş hakim: Piri Moraq (Şotlandiya)
Bakı. 8-ci km qəsəbə stadionu

20:00. Nigeriya – Fransa
Baş hakim: Ri Hyanq Ok (KXDR)
Bakı. 8-ci km qəsəbə stadionu

Xəbər 905 dəfə oxundu.