Andrea Stramaççoni: Əvvəl “Neftçi”, sonra “Milan”
“Komandamız qələbəyə layiq idi. Biz rəqibə ən yaxşı keyfiyyətlərini göstərməyə imkan vermədik. Bu da “Fiorentina”ın ən güclü tərəfi olan topa nəzarətdən ibarətdir”. Idman.com.az saytının məlumatına görə, bu fikri “Neftçi”nin Avroliqanın qrup mərhələsində rəqibi olan İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib.

Milanlılar “A” seriyasının son turunda “San Siro”da “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib, ölkəmizə yüksək əhval-ruhiyyədə gəlir. Bununla da oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq “İnter” cari mövsümdə evdə ilk qələbəsini qazanıb.

Stramaççoni buna nə qədər sevinsə də, onu qəzəbləndirən məqam da olub: “Mən bir az ona görə hirsliyəm ki, biz sona kimi sürüşkən hesabı saxladıq, oyunu bitirmək üçün çoxlu şansları əldən buraxdıq. Belə matçlarda həmişə minimal üstünlüyü itirmək riski var. Buna görə də üstünlüyümüzü möhkəmlətməli idik. Mən Antonio Kassano ilə Dieqo Militonun gördüyü işdən çox razıyam. “İnter”in turnir cədvəlinin aşağılarında getməyi xeyrimizə oldu. Başa düşdük ki, işə münasibəti dəyişməliyik”.

Gənc çalışdırıcı əsas futbolçularından olan hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderin bu həftə “Neftçi” ilə Avroliqa matçını, “Milan”la “A” seriyasında derbi oyunu buraxacağına üzülür: “Biz Sneyderin bacarığından maksimum istifadə etməliyik. Hərçənd, futbola baxışım əvvəlki kimi qalır. Artıq çoxlu oyun keçirmişik. Bakıda “Neftçi” ilə Avroliqa oyununa, bundan sonra “Milan”la derbi görüşünə ciddi yanaşmaq lazımdır”.

Xəbər 813 dəfə oxundu.