Stolüstü tennis üzrə ölkə kubokunda ən güclülər bəlli olub | |
Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub. “Şüa” İdman Kompleksində keçirilən yarışın nəticələrinə əsasən, 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov qalib ayrılıb. 2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb. 2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıblar. Qarışıq-qoşa turnirdə 2004-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008-ci il və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə qazanıblar. Xatırladaq ki, 2004-2007-ci il yaş qrupu üzrə komanda mübarizəsində həm oğlanların, həm də qızların yarışından “Təhsil” RİM qalib ayrılıb. 2008-ci il və kiçik təvəllüdlülərdən isə qızlardan ibarət Sumqayıt 1 saylı İOEUGİM, oğlanlardan ibarət “Təhsil” RİM birinci yeri tutublar. |
|
Xəbər 270 dəfə oxundu. |
|
|