Rəhmanov Cəmaləddin Ələm oğlu

Rəhmanov Cəmaləddin Ələm oğlu 1954-cü ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub.

1970-ci ildə Lənkəran rayonu Veravul kənd orta məktəbini bitirib. 1970-ci ilin noyabrından 1972-ci ilin sentyabrına qədər Lənkəran rayonunun «Kommunizm» sovxozunda fəhlə işləyib. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə tətbiqi-riyaziyyat ixtisası üzrə qəbul olunub, 1977-ci ildə həmin institutu bitirib riyaziyyatçı-mühəndis ixtisası alıb. 1977-ci ilin oktyabrından 1978-ci ilin iyul ayına qədər Ümumittifaq Elektrik Maşınqayırma İnstitutunun Bakı filialında mühəndis vəzifəsində işləyib. 1978-ci ilin iyulundan 1997-ci ilin aprelinə qədər Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1987-ci ildə «Azərbaycan dili mətninin statistik-distributiv təhlili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1997-ci ilin mayından 1997-ci ilin oktyabrına qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləyib.

1997-ci ilin oktyabrından Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə analitik informasiya qrupunun rəhbəri vəzifəsində işə daxil olub, 2000-ci ildən həmin komitədə informasiya, nəşriyyat və Milli Olimpiya Komitələri ilə əlaqələr idarəsinin rəhbəri vəzifəsində çalışır.

1998-ci ilin mayında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin «Olimpiya» jurnalının məsul redaktorudur.

2000-ci ilin dekabrından 2007-ci ilin dekabrına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhəkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya İnstitutunda əvəzçilik qaydası ilə böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Məhkəmə fonoskopik, müəllifşünaslıq və linqvistik ekspertiza üzrə ekspertdir.

1999- cu ildən Milli Olimpiya Komitəsinin «Olimp» aylıq bülleteninin redaktoru olub. Olimpiya Hərəkatı ilə bağlı İspaniya, Fransa, Moskva, Keniya, Kuba və Türkiyədə keçirilmiş ümumdünya forumlarının iştirakçısı olub. Sidney -2000, Solt Leyk Siti -2002, Afina-2004, Turin-2006, Vankuver-2010 Olimpiya Oyunlarında jurnalist kimi iştirak edib. Avropa Yeniyetmələrinin Esbyorq-1999 (Danimarka), Mursiya-2001 (İspaniya), Paris-2003 Olimpiya Festivallarında, Yeniyetmələrin ümumdünya Oyunlarında (Moskva-1998) və bir sıra başqa mötəbər tədbirlərdə Milli Olimpiya Komitəsi və «Olimpiya» jurnalı xətti ilə jurnalist kimi iştirak edib.

2005-ci ildə Səudiyyə Ərəbistanında I İslam Həmrəyliyi Oyunlarında müxbir, Avropa Olimpiya Komitəsinin idman jurnalistlər üçün seminarlarının iştirakçısı (1999 - Danimarka, 2001 - İspaniya) olub.

2007-ci ildə «Tərəqqi» medalı ilə təltif olunub. 2007-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin «İdman və Olimpizmin təbliği» mükafatına layiq görülüb. 2010–cü ildə «Azərbaycan Respublikasının Əməkdar jurnalisti» fəxri adına layiq görülüb.

1977-ci ildən mətbuatda müxtəlif mövzularda yazılarla çıxış edir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür (2001-2004, 2005-2008, 2009-2012). «Azərbaycan Milli Olimpiya Komitəsi 10 il», «Heydər Əliyev və Azərbaycanda Olimpiya Hərəkatı», «Azərbaycan idmançıları XXVII Yay Olimpiya Oyunlarında», «Azərbaycan idmançıları XXVIII Yay Olimpiya Oyunlarında», «Azərbaycan Milli Olimpiya Komitəsi 15 il», «Azərbaycan idmançıları XXIX Yay Olimpiya Oyunlarında» kitablarının müəllifidir. Avropa Olimpiya Komitəsinin orqanı olan «Sport Europe» jurnalında Azərbaycan Olimpiya Hərəkatı haqqında yazısı nəşr olunub. Dilçiliyə və kriminalistikaya aid 8 kitabın, 60-dan çox elmi məqalənin müəllifidir.
2009 və 2010–cu illərdə jurnalistlər arasında keçirilən şahmat turnirlərinin qalibi olub.

Evlidir. Üç övladı var.

Xəbər 4728 dəfə oxundu.