Fərəcov Əli Yusif oğlu
Fərəcov Əli Yusif oğlu 1950-ci il martın 29-da Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Orta məktəbi 1967-ci ildə başa vurduqdan sonra, Bakı boru prokatı zavodunda çilingər işləyib. 1968-ci ildə ordu sıralarına çağırılmış və 1970-ci ildə hərbi xidməti başa vurub, yenə də həmin müəssisəyə qayıdıb. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olub. 1977-ci ildə oranı bitirib Azərbaycan dili üzrə filoloq ixtisaına yiyələnib.
1978-ci ildə Azərbaycan SSR Məişət Xidməti Nazirliyinin layihə-Texnoloji İnstitutunda tərcüməçi işləyib və həmin ildən mətbuatda çıxış etməyə başlayıb. 1979-cu ilin oktyabr ayından isə peşəkar jurnalistika sahəsinə keçib. «Bakı metropoliteni» qəzetində müxbir kimi çalışmağa başlayıb.
Ötən əsrin 80-ci illərində «Bakı» və «Baku», «Vışka», «Molodyoj Azerbaydjana» qəzetlərinin, Azərbaycan radiosunun sənaye və nəqliyyat şöbəsinin, xarici verilişlər redaksiyasının ştatdankənar müxbiri olub. «Bakı metrosu-30» sənədli filminin ssenari müəlliflərindən və «Bakı metrpoliteni-35» kitabının müəlliflərindən biridir. 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul olunub.
1996-cı ildən həm də «İdman» qəzetinin əməkdaşıdır. Müstəqillik illərinin ilk dövründə fəaliyyətini dayandırmış bu qocaman qəzetə 2-ci həyatın verilməsində yaxından iştirak edib. 1996-cı ildən uzun müddət respublikanın yeganə idman mətbuatı rolunu oynamış həmin qəzetdə əvvəlcə məsul katib kimi çalışıb, hazırda isə müxbirdir. 1999-cu ilin ən yaxşı idman jurnalisti adına layiq görülüb.

Xəbər 3089 dəfə oxundu.