“Baku Fires”də özbəkistanlı boksçu
İsvçrənin Lozanna şəhərində WSB liqasının 2012/2013-cü illər mövsümü üçün boksçuların draftı keçirilib. İdman.com.az saytının məlumatına görə, “Baku Fires” draftda iki yeni boksçu ilə güclənib.

Özbəkistanlı Elşod Rəsulov 2012/2013-cü illər mövsümündə 85 kq çəki dərəcəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edəcək. 2009-cu ildə Milanda keçirilən dünya çempionatının bürünc mükafatçısı olan Rəsulov London olimpiadasında 1/4 finalda mübarizəni dayandırıb.

Özbəkistanın tanınmış atletlərindən olan boksçu son olimpiadanın açılış mərasimində ölkəsinin bayrağını aparıb. Komandamızın anlaşdığı digər idmançı isə Cənubi Afrika Respublikasından olan Siphive Lusizidir. Afrika oyunlarının bürünc mükafatçısı olan Lusizi Londonda 1/8 finalda uduzub. O, 73 kq çəki dərəcəsində döyüşəcək.

Bundan əlavə, olimpiya oyunlarında milli komandamızın şərəfini qorumuş Məhəmməd Abdulhəmidov yeni mövsümdən təmsilçimizlə eyni qrupda yer alan Polşanın “Hussars Poland” klubunun heyətində çıxış edəcək. Abdulqadir Abdullayev isə keçən mövsümün ¼ final mərhələsində təmsilçimizi Bakı klubunu mübarizədən kənarlaşdırmış “Milano Thunder”lə müqavilə bağlayacaq.

Qeyd edək ki, “Baku Fires” WSB liqasında A qrupunda “Dinamo Moskva”, “Mexico Guerreros”, “İndia Fighters”, “Argentina Condors” və “Hussars Poland”la birgə mübarizə aparacaq.

Xəbər 1845 dəfə oxundu.