Fərzəliyev Murad Qoçu oğlu
Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Qoçu oğlu Fərzəliyev növbədənkənar parlament seçkilərində iştirak edəcək.

M.Fərzəliyev 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

O, 1963-cü il 22 avqust tarixində İmişli rayonunda anadan olub. M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

- İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb.

- 1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü” qəzetinin baş redaktoru olub.

- Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət” hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…” xüsusi buraxılışının müəllifidir.

- İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib.

- 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir. MOK-un rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin baş redaktorudur. Rəhbərlik etdiyi "Olimpiya dünyası" qəzeti dəfələrlə ilin idman nəşri elan olunmuş, İspaniyada "Nüfuza və keyfiyyətə görə" beynəlxalq mükafata layiq görülmüşdür. Olimpnews.az saytının təsisçisidir. Jurnalistika sahəsində 1989-ci ildən fəaliyyətə başlayıb. Milli Olimpiya Komitəsi tərəfindən çap edilmiş Azərbaycanda idmanın və Olimpiya Hərəkatının tarixi ilə bağlı ensiklopedik kitabın redaksiya heyətinin, MOK-un və Ədalətli Oyunlar Komissiyasının üzvüdür.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

– Dəfələrlə yay və qış Olimpiya oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında, Gənclərin Yay Olimpiya, İslam Həmrəyliyi və II Avropa Oyunlarında, eyni zamanda Olimpizm və idmanla bağlı beynəlxalq tədbirlərdə nümayəndə heyətinin tərkibində ölkəmizi jurnalist kimi təmsil edib.

- Bədii yaradıcılıqla məşğul olur, "Bir az gecikəndə” adlı şeirlər kitabının müəllifidir. Bir şeri orta məktəb dərsliyinə salınıb. Şeirləri Türkiyədə nəşr olunan "Avrasiya şairlərinin antologiyası” kitabında dərc edilib. Elmi iş üzərində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüdür.

Xəbər 4650 dəfə oxundu.