İki yarışda «Atasport» - «Şahdağ» dueli
Otüstü hokkey üzrə ölkə çempionatının 2-ci dövrəsi start götürüb. Kişilərdən ibarət komandaların yarışında Sumqayıtın «Gənclik» və Bakının «Akkord» klublarının oyununda şirkət təmsilçiləri çətinlik çəkmədən yeniyetmələri 7:0 hesabı ilə məğlub ediblər. Turun 2-ci oyununda meydana əzəli rəqiblər – Bakının «Atasport» və Qusarın «Şahdağ» komandaları çıxıblar. Matçda gözlənilən gərginliyi görmək olmayıb. Şimal bölgəsinin təmsilçiləri görüşdə rəqibə o qədər də müqavimət göstərə bilməyərək, böyük hesabla məğlub olublar - 1:6.

7 turdan sonra turnir cədvəli: 1.«Akkord» – 19, 2.«Atasport» – 12, 3.«Şahdağ» - 8, 4.«Gənclik» - 0 xal.

Qadınların yarışında keçirilən ilk oyunda da Qusarın «Şahdağ» və Bakının «Atasport-2» komandaları qarşılaşıblar. Həmin görüşdə də paytaxt təmsilçiləri bölgə hokkeyçilərindən kifayət qədər güclü olublar. Səviyyə fərqi özünü hesabda da göstərib - 10:1. Qusarın «Samur» və «Sumqayıt» hokkeyçilərinin görüşündə şimal bölgəsinin təmsilçiləri daha yaxşı təsir bağışlayıblar. «Samur» 3:1 hesablı qələbə qazanıb.

Lənkəranın «Xəzər» komandası çempionatdakı çıxışlarını dayandırdığına görə, «Bakı» hokkeyçilərinə 5:0 hesablı texniki qələbə verilib.

6 turdan sonra turnir cədvəli: 1. «Bakı» – 18, 2. «Atasport-2» – 15, 3. «Samur» – 12, 4.«Sumqayıt» - 6, 5.«Şahdağ» - 3, 6.«Xəzər» - 0 xal.

Xəbər 1340 dəfə oxundu.