Qadın güləşçilərimiz dünya çempionatında
27-29 sentyabrda Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, yığma komandamız yarışda böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə iştirak edəcək.

7 çəki dərəcəsində keçiriləcək yarışlarda Fatimə Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Nadejda Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) medallar uğrunda mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində olimpiya dərəcəli hakim Hicran Şərifov ölkəmizi təmsil edəcək.

3 gün davam edəcək çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayacaq. İkinci gün 55 və 72 kq, son gün isə 48 və 63 kq çəkidə qaliblər müəyyənləşəcək.

Xəbər 930 dəfə oxundu.