Berti Foqts: Azərbaycanda hələlik gündə 2 dəfə məşq etmək istəmirlər - MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Azərbaycan futbolunda müşahidə olunan inkişafdan danışıb.

- 2008-ci ildən Azərbaycan yığmasının baş məşqçisisiniz. Bu müddətdə Azərbaycan futbolunda nə dəyişib?
- Futbol son 4-5 ildə sürətlə inkişaf edib. Hazırda kiçik oğlan və qızlar da futbola gedir. Əvvəl bu 16-17 yaşlılarla baş verirdisə, indi 12 yaşlılar da futbola maraq göstərirlər. Amma yenə də güləş, ağırlıqqaldırma daha öndədir. Elə şahmatda da Azərbaycan dünya liderlərindəndir.

- Siz hansı dəyişikliklərə nail olmusunuz?
- İndi hər komandada ən azı 4 yerli futbolçu meydanda olmalıdır. Əvvəl isə elə komanda olurdu ki, tamamilə legionerlərdən qurulmuş heyətlə meydana çıxırdı. İndi isə biri 21 yaşadək olmaqla, 4 azərbaycanlının olması zəruridir. Yerli futbolçular elə "artırıb" ki, indi beynəlxalq oyunlarda da 3-4 yerli futbolçu meydana çıxır. Hərçənd, orada limit tətbiq olunmur.

- Futbolçuların mentalitetini Almaniya ilə müqayisə etmək olar?
- Azərbaycanda hələlik gündə 2 dəfə məşq etmək istəmirlər. Lakin onlar Mərkəzi Avropa futbolu ilə ortaq paralellər tapmalıdır. Lakin mən 1 dəfə Azərbaycan və alman futbolunu müqayisə etdim. Bu, 2 il əvvəl oldu. “Qarabağ”la “Borussiya” Avropa Liqasının təsnifat mərhələsində oynayırdı. Dortmund təmsilçisi bu matçdan sonra Bundesliqa oyununa çıxdı. Azərbaycanda isə Premyer Liqanın qarşılaşmaları təxirə salındı. “Borussiya” ilə matçdan sonra futbolçulara 3 gün istirahət verdilər. Heç bir hazırlıq olmadı. Alman klubu isə 14 məşq keçdi. Lakin irəli doğru hərəkət etmək lazımdır.

- Almaniya ilə fərqlər başqa nədə görünür?
- Meydanda futbolçular bir-birini tənqid etməməlidir. Lakin 90 dəqiqə buna şahid oluruq. Oyundan sonra bütün bunlar müzakirə olunmalıdır.

- Azərbaycanda infrastruktur necədir?
- Hər klubun ən azı 2 meydançası olan bazası var. 2008-ci ildə mən Azərbaycana gələndə bu yox idi. Komandalar eyni meydanda məşq keçirdi. İndi akademiyalardakı uşaqların 80 faizi yerlidir. Lakin onlar futbola gec başlayırlar. Belə də futbol instinkti formalaşmır. Bundan sonra onlara nə isə öyrətmək də asan deyil.

- Hazırda Azərbaycanda 17 yaşadək qızların dünya çempionatı keçirilir...
- Düşünürəm ki, bu yarış ölkədə futbola marağı artıracaq. Bu yarış üçün 10-12 min tutuma malik 6 stadion tikilib. Bu yarış hardasa Avro-2020-nin Gürcüstanla birlikdə keçirilməsinin reklamına da xidmət edir. Azərbaycan may ayında “Avroviziya” mahnı müsabiqəsini də əla təşkil etmişdi. Baxmayaraq ki, bəzi alman jurnalistlər bunu tənqid etdi.

- Titul üçün deyil, inkişaf üçün çalışmağınız sizi bezdirmir ki?
- Burda çalışmasaydım, hansısa klubda idman direktoru ya da müşavir olardım. Klubda çalışmaq isə mənlik deyil. Orada stress çox olur. Belə daha yaxşıdır ki, ayda 14 gün Azərbaycanda oluram, qalan vaxtımı “Borussiya”ma sərf edirəm.

Xəbər 1022 dəfə oxundu.