Bu oyunda kim uduzdu, kim uddu…
Şahmatçılarımızın oyunlarının müqayisəli-statistik təhlili

2-ci yazı

Qələbədə kəsiri olanlar bol heç-heçələri ilə seçilirlər: Rəcəbov (68%), Anand (67%) və Kramnik (66%). Yəni bunlar oyunların 2/3-sini sülhlə başa vurublar. Şəhriyarla Vüqarda bu göstərici 55 faizdir. Belə oyunla heç arası olmayan isə döyüşkən Nakamuradır – 35%.

Heç-heçələrin say göstəricisinə gəldikdə, çalışqan İvançuk bu sahədə 269 bərabərliklə öndədir. Vüqarın 186, Teymurun 178, Şəhriyarın 157 heç-heçəsi var.

Sözügedən şahmatçılar arasında həm say, həm də faiz etibarilə məğlub olmağı sevməyən Ananddır. Keçirdiyi 180 oyunda cəmi 13 məğlubiyyəti olan hindistanlı partiyalarının yalnız 7 faizində yenilib. 17-faizlik yuxarı göstərici Veselin Topalovdadır. Həşimovla Rəcəbov 10 faiz, Məmmədyarovsa oyunların 11 faizində uduzublar. İvançuk məğlubiyyətlərinin sayını artıq 50 dən aşırıb (51 məğlubiyyət). Vüqarın 33, Şəhriyarın 31, Teymurun 26 məğlubiyyəti var.

İndi də keçək ağ və qara fiqurların ayrı-ayrı göstəricilərinə. Teymur Rəcəbovdan başqa, oyun göstəricilərinin təhlilini apardığımız bütün şahmatçılarda ağ fiqurlarla partiyaların keyfiyyəti daha yüksəkdir. Teymur isə «qara»larla 33 (24%) qələbə qazandığı halda, «ağ»larla 26 (21%) partiyada rəqibindən üstün olub. Faiz etibarilə də şahmatçımız ağ fiqurlarla oyunlarda opponentləri arasında ən aşağı göstəriciyə malikdir (21%). Qara fiqurlarla ən aşağı faiz dərəcəsi (eləcə də say göstəricisi) Kramnikdədir – 9% (9 partiya). «Ağ» və «qara» qələbələrin fərqli nisbətində də rusiyalı seçilir. Ağ fiqurlarla o, görüşlərin 40 faizində qələbə qazanıb. Göründüyü kimi, fərq 4 dəfədən də çoxdur. Nakamura «ağ»larla 56 faiz görüşlərində qalib gəlib. Elə «qara»larla da onun qələbə göstəricisi kifayət qədər yüksəkdir – 49%.

Ağ fiqurlarla sülh cəbhəsində Teymur Rəcəbova çatan yoxdur – 74%. «Qara»larla isə Kramnik daha sülhpərvərdir (78%). Aşağı göstəricilər Nakamuradadır: müvafiq olaraq, 31% və 39%.

Ağ fiqurlarla ən çox heç-heçə İvançukda (129), ən az Topalovdadır (37). «Qara»larla bağlı da eyni adları çəkmək olar – İvançuk (140), Topalov (43).
Ağ fiqurlarla ən az uduzan Ananddır (4 partiya). Lakin rusiyalı Aleksandr Qrişşukda faiz dərəcəsi daha aşağıdır – 3%. O, keçirdiyi 145 belə oyunun yalnız 5-də məğlub olub. Əvəzində, Qrişşuk qara fiqurlarla oyunlarda hamıdan, hətta kiafyət qədər çox oyun keçirmiş İvançukdan da artıq məğlubiyyət göstəricisinə malikdir – 32 dəfə.

Ağ fiqurlarla yuxarı məğlubiyyət göstəricisi Nakamuradadır – 22 partiya və 13%. «Qara»larla barışmaz olansa Ananddır – 9 partiya və 10%.
Bu sahələrdə bizim şahmatçılarımız elə də seçilmirlər. Buna görə də, onların belə oyunları üstündə xüsusi dayanmadan, göstəricilərini təqdim etməklə müqayisə aparmağı sizin ixtiyarınıza buraxırıq:
Şəhriyar Məmmədyarov: ağ fiqurlarla - +57 (37%), =88 (57%), -9 (6%); qara fiqurlarla - +38 (29%), =69 (53%), -22 (18%);
Vüqar Həşimov: «ağ»larla - +71 (41%), =86 (50%), -15 (9%); «qara»larla – +49 (29%), =100 (60%), -18 (11%);
Teymur Rəcəbov: «ağ»larla - +26 (21%), =92 (74%), -7 (5%); «qara»larla - +33 (24%), =86 (62%), -19 (14%).

Aparıcı üçlüyümüzün ayrı-ayrı şahmatçılarla oyun göstəricilərinə də nəzər salmaq istərdik. Bu sırada həm xarici rəqiblərlə oyunlar var, həm də onların öz aralarındakı görüşlər. Xarici rəqiblərdən yalnız FİDE reytinqindəki ilk 4 şahmatçı ilə oyunların statistikasını təhlil etməklə kifayətlənək. Bunlar Vişvanatan Anand, Maqnus Karlsen, Levon Aronyan və Vladimir Kramnikdir.

Başlayaq Ananddan. «Hind pələngi» ilə Şəhriyar və Vüqar yalnız heç-heçə oynayıblar. Məmmədyarov 1 dəfə ağ, 1 dəfə qara fiqurlarla, Vüqarsa 2 dəfə ağ, 1 dəfə qara fiqurlarla. Qara fiqurlarla oyunun ustası sayılan Rəcəbov, Anandla duellərdə «ağ»larla daha üstün olub. Teymur 1 görüşdə qalib gəlib, 3-də heç-heçə oynayıb və məğlubiyyətin nə olduğunu bilməyib. Qarşılıqlı görüşlərdə Anand da ağ fiqurlarla tam eyni göstəriciyə malikdir. Belə olan halda tərəflərin ümumi statistikasında bərabərlikdir – 6 heç-heçə və hərəyə 1 qələbə.

Teymurun Maqnus Karlsenlə qara fiqurlarla oyunu nədənsə alınmır. 9 belə görüşündən 4-də məğlub olan Rəcəbov, qələbənin nə olduğunu bilmir. Teymurun ağlarla oynadığı 7 partiyada tərəflərin hərəyə 1 qələbəsi var.

Şəhriyarın Karlsenlə ağ fiqurlarla oynadığı 3 partiyanın hərəsində bir nəticə qeydə alınıb, lövhənin əks tərəfində oturduğu halda isə hər üç halda sülh bağlanıb. Vüqar Həşimov norveçli ilə 1 «ağ», 2 «qara» heç-heçə edib.

Aronyanla görüşlərdə Teymur üstün Şəhriyar bərabər, Vüqar mənfi balansa malikdir. Rəcəbov ağ fiqurlarla 1 qələbə və 1 məğlubiyyət müqabilində 7 heç-heçə edibsə, «qara»larla erməni şahmatçısına «dişini göstərib» - 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət. Şəhriyarın Aronyanla mübarizəsində tərəflər hərəyə bir «qara» qələbəyə malikdir. Ümumi 6 heç-heçədənsə 5-i Şəhriyarın «ağ»larla oynadığı oyunlarda olub. Vüqar bu rəqiblə 3 dəfə ağ fiqurlarla oynayaraq, hamısını heç-heçə başa vurduğu halda, yeganə qara fiqurlu görüşündə xalsız qalıb.

Vüqar İNQİLABOĞLU
Ardı var

Xəbər 1584 dəfə oxundu.