Koşitse şəhərində ağır atletika üzrə 3-cü dünya çempionatı davam edir
Slovakiyanın Koşitse şəhərində keçirilən ağır atletika üzrə yeniyetmələr arasında 3-cü dünya çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı Ceyhun Tağızadə və Elxan Əliquluzadə (hər ikisi 69 kq) körpücük üzərinə çıxıb.

Birdən qaldırmada Ceyhun əvvəlcə 110 kq, sonra isə 117 kq çəkinin öhdəsindən rahatlıqla gəlib. Ancaq təəssüf ki, üçüncü yanaşmada 122 kq-ı ram etmək Tağızadəyə qismət olmayıb. Bu nəticə ilə Ceyhun birdən qaldırmada 9-cu yeri tutub.

Bu hərəkətdə Elxan Əliquluzadə ilk yanaşmasında 125 kq-ı qaldırıb. Sonrakı çəki olan 131 kq-ı yalnız iki cəhddə qaldıran gənc idmançımız, bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində Ceyhun Tağızadə hər 3 cəhdini uğurla yerinə yetirib. O, növbə ilə 143, 148 və 151 kq-lı ağırlırğı başı üzərinə qaldıraraq, həm bu hərəkətdə, həm də toplamda 268 kq-la (117 kq + 151 kq) 8-ci olub.

Bir neçə gün əvvəl başa çatan Avropa çempionatında bürünc medal qazanan Elxan Əliquluzadə, sona qədər mübarizə aparsa da, mundialda istəyinə nail ola bilməyib. O, təkanla qaldırmada əvvəlcə 161 kq-ı qaldırıb. Daha sonar 167 kq sifariş verən idmançımız, bu çəkini növbəti 2 cəhddə ram edə bilməyib. Nəticədə toplamda 292 kq-la (131 kq + 161 kq) Əliquluzadə dünya çempionatında 4-cü yeri tutub.

Çempion adını iraqlı Kərrar Məhəmməd Kadhum qazanıb. O, əvvəlcə birdən qaldırmada 143 kq nəticə göstərib ki, bu da yeniyetmələr arasında bu hərəkətdə dünya rekordu olub. Bu rekord indiyə qədər 142 kq idi və onun müəllifi erməni Tiqran Martirosyan idi.

3-cü yerə 297 kq-la qazaxıstanlı Albert Linder, 2-ci yerə 298 kq-la rus Xetaq Xuqayev layiq görülüb.

Təkanla qaldırmada 168 kq-a güc gələn Kərrar, toplamda 311 kq çəki toplayıb və daha bir dünya rekordunu yeniləyib. Bu nəticə albaniyalı atlet Erkand Gerimayın 310 kq olan rekordundan 1 kq çoxdur.

İraqlı idmançı təkanla qaldırma hərəkətində rekordu yeniləyə bilməyib. Bu rekordun müəllifi isə azərbaycanlı Firudin Quliyevdir. “Zirvə” İdman Klubunun yetirməsi ötən il Buxarestdə 173 kq-ı qaldıraraq dünya rekordu müəyyənləşdirmişdi.

Xəbər 1664 dəfə oxundu.